Beynəlxalq Köç Filmləri Festivalı

Türkiyədə Beynəlxalq Köç Filmləri Festivalına start verilib. Türkiyə Prezident Administrasiyasının himayəsi, Daxili İşlər Nazirliyi İmmiqrasiya idarəsi ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan festivalın açılış mərasimi 14 iyunda 3D virtual studiyada reallaşdırılıb. Mərasim festivalın internet saytı və sosial media üzəridən yayımlanıb.

Qaziantep şəhərində keçirilməsi planlaşdırılan, ancaq koronavirus pandemiyası səbəbindən təxirə salınan festivalın onlayn açılışında şəhərin tarixi Məcidiyə karvansarasının görüntüləri virtual səhnə olaraq istifadə edilib. Mərasimdə Daxili İşlər naziri Süleyman Soylu ilə Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy açılış nitqləri söyləyiblər.

Dünyanın müxtəlif ölkələrindən 20-dən çox kino sənətçisinin virtual olaraq bir araya gəldiyi açılış gecəsində “Qaziantep yolunda” mahnısı səslənib.

Festival üçün “Fəxri mükafat” (“Onur ödülü”) və “Hüdudsuz yaxşılıq mükafatı” (“Sınırsız iyilik ödülü”) təyin edilib. Festivalda “Bədii film”, “UNİCEF Beynəlxalq qısametrajlı film” və “Eyni gəmi qısa film” adlı üç kateqoriya üzrə 45 film nümayiş etdiriləcək.

Beynəlxalq Köç Filmləri Festivalı İngiltərədəki “Stonehenge” abidəsi ilə Türkiyənin Göbeklitəpə arxeoloji mirasının rəqəmsal harmoniyası yaradılan virtual səhnədə 21 iyunda bağlanış mərasimiylə sona çatacaq.

19.06.2020