Sentyabrın 2-də açılışı keçirilən 77-ci Venesiya Film Festivalının əsas müsabiqə proqramında azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də yer alıb. Müstəqillik dövrü kino tariximizdə ilk dəfə Azərbaycan filmi Avropanın üç ən nüfuzlu festivalından (Berlin və Kann festivalı ilə birlikdə) birində təqdim olunur.
Film Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs edir. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır.
“Qızıl şir” mükafatı uğrunda yarışmada ölkəmizi təmsil edən “Səpələnmiş ölümlər arasında” filmi festival proqramında sentyabrın 11-də nümayiş olunacaq.
Filmin ərsəyə gəlməsində Azərbaycan kinematoqrafçıları ilə yanaşı, ABŞ və Meksikadan kinematoqrafçılar da iştirak edib. Ssenari müəllifləri Hilal Baydarov, Rəşad Səfər, quruluşçu operatoru Elşən Abbasov, bəstəkarı Kənan Rüstəmli, birgə istehsalçıları Carlos Reygadas, Joslyn Barnes, icraçı prodüserləri Danny Glover, Susan Rockefellerdir. Filmdə Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oqtay Namazov, Mürvət Əbdüləzizov çəkiliblər.
Qeyd edək ki, Hilal Baydarov bundan öncə bir sıra festivallarda uğur qazanıb. Rejissorun “Xurmalar yetişən vaxt” adlı sənədli filmi 2019-cu ildə 25-ci Sarayevo Film Festivalında “Ən yaxşı sənədli film” nominasiyasında qalib olub, “Nyon Visions du Reel” Film Festivalında “Dinlərarası mükafat”a və “Münsiflər heyətinin mükafatı”na layiq görülüb.
77-ci Venesiya Film Festivalı 12 sentyabrda başa çatacaq.