Azərbaycan kinosunda “Qarabağ” mövzusu”

SARI GƏLİN

1980-ci illərin sonlarından başlayaraq bədnam qonşumuz Ermənistan tərəfindən Azərbaycanın qədim ərazisi olan Qarabağ bölgəsində elan edilməmiş müharibə başladı, ermənilər çirkin məqsədlərini həyata keçirərək dədə-baba torpaqlarımızda etnik təmizləmə siyasəti apardı. Separatçı hərəkatın apardığı müharibə, hərbi cinayətlər nəticəsində Azərbaycanın qədim yurdu olan Dağlıq Darabağda yaşayan bir milyona yaxın soydaşımız doğma ocağından, doğulub boya-başa çatdığı torpaqlarından didərgin salındı, iyirmi faiz torpaqlarımız qəddar düşmən tərəfindən işğal edildi. Azərbaycana məxsus olan qədim ərazilərin erməni quldur dəstələri tərəfindən yağmalanması nəticəsində minlərlə soydaşımız həlak oldu,  əsir götürüldü, itkin düşdü.

Respublikanın əməkdar incəsənət xadimi, istedadlı kinorejissor Yavər Rzayevin 1998-ci ildə quruluş verdiyi faciə janrlı “Sarı gəlin” filmində Qarabağ uğrunda gedən müharibədə dinc əhalinin məruz qaldığı mənəvi sarsıntılar əksini tapıb.

Filmin baş qəhrəmanı Qədir ölkədə gedən müharibə üçün narahatdır. Oda müharibədə iştrak etməyə, vətəndaşlıq borcunu yerinə yetirməyə, döyüşməyə can atır. Nəhayət ki, arzusunu gerçəkləşdirərək müharibəyə yollanır. Ön cəbhədə müxtəlif gərgin situasiyalarla qarşılaşır. İnsanların həyatına, yaşam tərzinə, mənəviyyatına, daxili dünyasına böyük zərbə vuran müharibə mövzusu rejissorun özünəməxsus yaradıcılıq üslubunda peşəkar priyomlarla tənqid olunur, qınanılır.     

         Tanınmış, istedadlı aktyorlardan Hacı İsmayılovun, Cahangir Novruzovun, Münəvvər Əliyevanın, Fərman Abdullayevin, Lətifə Əliyevanın, Muxtar Maniyevin və başqalarının dolğun, inandırıcı ekran personajlarının təfsirində müharibənin insanlara yaşatdığı faciələrin, gərginliyin acısının, eləcədə yaxın keçmişin unudulmayan faciəsinin şahidi oluruq. 

 “Azərkino” İstehsalat Birliyinin sifarişi ilə çəkilən filmin operatoru Rövşən Quliyev, rəssamı Rafiq Nəsirov, bəstəkarlar Cavanşir Quliyev, Siyavuş Kərimi, səs operatoru isə Bəkir Bəkirzadədir.