Azərbaycan kinosunda “Qarabağ” mövzusu”

Ağ atlı oğlan

Ağ atlı oğlan tammetrajlı bədii filmi kinorejissor, respublikanın əməkdar incəsənət xadimi Ənvər Əbluc tərəfindən 1995-ci ildə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb. Hərbi-vətənpərvərlik janrında çəkilən filmdə Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın (Muradın) da qəhrəmanlıqla vuruşmasından söhbət gedir.

Filmin quruluşçu rejissoru Ənvər Əblucdur. Ssenarini isə yazıçı İsi Məlikzadə Ənvər Əblucla birgə yazıb. Operator Rafiq Əliyev, Rövşən Quliyev, rəssam Nizami Bəydəmirov, bəstəkar Oqtay Rəcəbovdur.

Filmdə əsas rolları Abbasqulu Əbluc, Sədayə Mustafayeva, Orxan Nadirov, Yaşar Nuri, Ruslan Nəsirov, Dilarə Nəzərova, Səidə Səfərova, Xumar Əhədova, Laləzar Mustafayeva və Elxan Quliyev ifa ediblər.

Hərbi-vətənpərvərlik mövzusunda olan filmin qəhrəmanı nağıllar aləmində yaşayan, tez-tez nənəsinin danışdığı nağılları yada salan 12-13 yaşlı Muraddır (Abbasqulu Əbluc). Onun ən çox sevdiyi nağıl “Ağ atlı oğlan” nağılıdır. Bu nağılın qəhrəmanı hər dəfə ağ paltarda, ağ atda gözlənilmədən meydanda görünəndə xalq ədalətin, xeyrin şər üzərində qələbəsinin şahidi olur. Günlərin birində Qarabağ uğrunda döyüşlərdə Murad da öz ağ tankında meydanda görünür…

Filmdəki hadisələri demək olar ki, Muradın nəzərləri ilə izləyirik, onun istər torpaqlarımız uğrunda gedən döyüşlərdə iştrak edən döyüşçülər, istərsə də vətəndaşlar üçün olan narahatlığını, hiss və həyəcanlarının, torpaqlarımızın tezliklə azad olmaq istəyini, bunun üçün də ön cəbhəyə getməsinin şahidi oluruq. Murad yaşının az olduğuna görə müharibədə iştrak edə bilməməsindən narahatdır. Buna baxmayaraq o, evdən qaçaraq qaçaraq ön cəbhəyə gedir. Döyüş bölgəsində olan döyüşçülərin tankını ağ rəngə boyayaraq onu xəyalında daim canlandırdığı ağ atın rəmzi kimi qəbul edir.

Torpaqlarımızın tezliklə azadlığa qovuşmasını, vətəndaşlarımızın daim xoşbəxt, gülərüz olmasını görmək istəyi Muradın ümdə arzusudur. O, bu kimi arzularının gerçəkləşməsinə tələsir. Daim daxili təlatümü olan, vətənin dar günündə torpaqlarımız uğrunda gedən döyüşlərdə iştrak edən əsgərlərin yanında olmağa can atan Muradın döyüşə getməkdən çəkinməməsi, düşmənlə üz-üzə gələndə silaha sarılması yeniyetmənin mərd, cəsur xüsusiyyətlərini üzə çıxarır. Yaşının az olmasına baxmayaraq çətinliklərdən, gərgin situasiyalardan

qorxmadığını, həyatını təhlükəli məqamlara atmaqdan çəkinmədiyini göstərir. Murad qəlbi daim vətən eşqi ilə çırpınan elinə, obasına bağlı uşaqların, yeniyetmələrin, gənclərin ümumiləşdirilmiş ekran obrazıdır.

Film nikbin sonluqla bitir. Baş rol iştrakçısı olan yeniyetmə qəhrəman Azərbaycanın rəmzi səviyyəsinə qaldırılır. Yeniyetmə qəhrəman Azərbaycan xalqının möhkəm iradəsini, ölməzliyini bir daha nümayiş etdirir.