“Fəryad” filmi
Qarabağ müharibəsinə həsr olunan “Fəryad” hərbi-vətənpərvərlik filmi (1993) görkəmli kinorejissor, kinoaktyor Ceyhun Mirzəyev tərəfindən ekranlaşdırılıb. Filmin ssenari müəllifi Vaqif Mustafayev, operatoru Kənan Məmmədov, rəssamı Rafiz Rza, bəstəkarı isə Cavanşir Quliyevdir.
Filmin baş qəhrəmanı “Ögey ana” filmindən izlədiyimiz İsmayılın bir növ sonrakı taleyini əks etdirir. “Ögey ana” filminin baş qəhrəmanı-balaca İsmayıl artıq böyümüş, ailə sahibi olmuşdur. O, da digər həmvətənləri kimi vətəni erməni daşnaklarının tapdağı altından qurtarmaq üçün döyüşlərə qatılır. “Fəryad” filmində İsmayıl batalyon komandiridir. O, torpaqlarımızın erməni işğalçılardan azad olunması üğrunda mərdliklə döyüşür və əsir düşür. Filmdəki hadisələr erməni işğalçılarına əsir düşən İsmayılın onlar tərəfindən başına gətirilən işgəncələrdən, əzab-əziyyətlərdən bəhs edir. İsmayılın əsir saxlanıldığı evdə hər dəfə ermənilər növbəti şəhərlərimizin işğalını elan edir və bu “qələbələrini” İsmayıla işgəncə verə-verə böyük sevinc hissi ilə qeyd edirlər.
Filmdə baş rolu, batalyon komandiri obrazını Ceyhun Mirzəyev canlandırmışdır. Dramatik gərginliklə bol olan hadisələr aktyorun yaradıcılıq təqdimatında olduqca dolğun və yaşarı təsvir olunmuşdur. Filmdə həmçinin peşəkar aktyor heyəti çəkilmişdir. Respublikanın tanınmış aktyorlarından Elmira Şabanova (ana), Şamil Mahmudbəyov (Samvel), Məlik Dadaşov (Xaçaturyans), Nəcibə Behbudova (erməni qadın), Sənubər İsgəndərova (İsmayılın arvadı) və başqaları geniş yaradıcılıq potensiallarından, sənət biliciklərindən istifadə edərək filmin ideya bədii dəyərini yüksək səviyyədə açmağa, kədərli və qan donduran dramatik hadisələrin ciddi mahiyyətini geniş tamaşaçı auditoriyasına incəliyinə qədər çatdırmağa nail olublar.