Azərbaycan kinosunda “Qarabağ” mövzusu”

“Ümid”

Hərbi-vətənpərvərlik janrında olan, Rövşən Almuradlı və Elman Şeydayevin “Doğma” povestinin motivləri əsasında çəkilən “Ümid” filmi istedadlı kinorejissor, respublikanın əməkdar incəsənət xadimi Gülbəniz Əzimzadə tərəfindən 1995-ci ildə ekranlaşdırılıb.

Ssenari müəllifi Orxan Fikrətoğlu, Quruluşçu operator Rafiq Quliyev, Mixail Xarçenko, Quruluşçu rəssam Mayis Ağabəyov, qeyim rəssamı Vaqif Mustafayev, Bəstəkar Aydın Əzim Kərimoğludur.

Gərgin hadisələrlə bol olan dramatik yükü film Azərbaycanın əzəli, əbədi, dədə-baba torpaqları olan Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə canlarını qurban verən şəhidlər və yaralı əsgərlər haqqındadır.

Vətənini erməni işğalçılarından müdafiə üçün vuruşan qəhrəman oğullarımız bədnam düşmənlə döyüşdə şikəst və həlak olur, itkin düşürlər… Adı bəlli olmayan bir əsgərin qəhrəmanlıq rəmzinə çevrilməsi filmin əsas süjet xəttini təşkil edir. Filmdə həmçinin müharibənin taleyini, həyatını şikəst qoyduğu, mənəviyyatını alt-üst etdiyi insanların acınacaqlı vəziyyətindən, gərgin psixoloji durunmundan bəhs olunur.

Lirik-psixoloji filmdəki hadisələr cəbhə xəttində yox, Bakıda hərbi xəstəxanada bir sutka ərzində cərəyan edir. Müəlliflər daha çox mənəvi problemlərə toxunub, müharibənin acısını yaşayan insanların daxli sarsıntılarını, əzablarını əks etdiriblər.

Filmin adı rəmzi məna daşıyır. Müəlliflər insanların aşarı əzablarına, əziyyətlərinə rəğmən yenə də başlarının üstünü almış bəlalardan qurtarmaq üçün özlərində qüvvə tapacaqlarına, hər cür çətinlikləri dəf edəcəklərinə ümid etdiklərini bildirirlər.

Filmdə peşəkar aktyor heyəti çətin günlərin ağrılı məqamlarını, erməni daşnaklarının xalqımızın başına gətirdiyi olmazın bəlaların kəskin nəticələrini, acılarını peşəkarlıqla və yaşarı təqdim ediblər.

Aktyorlardan Məmmədkamal Kazımov (Qoca), Məmməd Səfa (Qardaşını axtaran), Muxtar İbadov (Papaqlı kişi), Şükufə Yusupova (Ana), Ulduz Kazımova, Əminə Yusifqızı (baş həkim), Fuad Poladov (cəbhə hərbi həkimi), Ramiz Məlik, Mehriban Zəki (jurnalist qız), Ramiz Novruz, Məfkurə Məhərrəmova (həkim), Samir Ələsgərov, Aslan Şirinov, Aqil Quliyev (kor əsgər), Rafiq Əliyev (II-natiq), Süleyman Əhmədov (qapıçı), Kazım Həsənquliyev (xəstə əsgər) və başqaları yaddaqalımlı ifaları ilə rejissor ideyasını tam dolğunlu ilə tamaşaçılara çatdırmağa müvəffəq olublar.