Əhmədağa Muğanlı-95

Azərbaycan kinosunda fərdi istedadı və mühüm yaradıcılığı ilə diqqət çəkən, müsbət şəxsi keyfiyyətlərinə görə həmkarlarının və dostlarının rəğbətini qazanan tanınmış nasir, ssenarist, kino redaktoru,  kinodramaturq Əhmədağa Muğanlının (Qurbanov)  anadan olmasının 95-ci ildönümüdür. Yaradıcılığında insanlığın müsbət və gərəkli  keyfiyyətlərini təbliğ edən, ədəbi fəaliyyəti ilə kino sənətimizə uğur gətirən, əməyi, zəhməti hesabına sənətsevərlərin sevgisini, rəğbətini qazanan kinodramaturqun örnək timsallı ömür yoluna qısa nəzər salaq.

Əhmədağa Muğanlı 1926-cı ilin 10 may tarixində Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Hələ məktəbdə oxuyarkən ictimai fəallığı, nümunəvi davranışı ilə seçilib, müəllimlərinin hörmətini qazanıb. Dərslərini əla qiymətlərlə oxuduğuna, həmçinin həmin illərdə (müharibə dövründə) şəhər və kəndlərdə müəllim çatışmazlığına görə doqquzuncu sinifdən dörd aylıq kursa göndərilib, pedaqoji fəaliyyətə cəlb edilib. Onuncu  sinifdə oxuyarkən səfərbərliyə alınıb, 1944-1946-cı illərdə ordu sıralarında hərbi xidmətdə olub.  Əsgəri xidməti başa çatdıqdan sonra orta təhsilini başa vurub, məktəbi gümüş medalla bitirib. 1947-1952-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra bir müddət “Bakı kommunisti” qəzetində müxbir kimi çalışıb. 1953-cü ildən təqaüdə çıxana kimi (1993) kinostudiyada fəaliyyət göstərib. 40 il ərzində ssenari şöbəsinin redaktoru, Xronikal-Sənədli və Elmi-Kütləvi Filmlər Birliyinin baş redaktoru vəzifələrində işləyib, ssenari-redaksiya kollegiyasının üzvü olub.

25 yaşında ədəbi fəaliyyətə başlayan gənc yazıçının “İnqilab və mədəniyyət” jurnalının 10-cu nömrəsində “Biz qol çəkirik ki…” hekayəsi dərc olunub. İlk yaradıcılıq uğurundan sonra dövri mətbuatda çıxış edən ədibin 11 kitabı, o cümlədən “Vicdan”, “Şəhriyar əfsanəsi”, “Şikəstə”, “Gecikmiş etiraf”, “Dağ-dağa söykənər”, “Tikanlı məftillər”, “Çobanbayatı”, “Ömürdən yeddi yarpaq” və başqa əsərləri çap olunub.

Ədəbi fəaliyyəti ilə geniş oxucu auditoriyasının diqqətini cəlb edən yazıçı   kinostudiyada çalışdığı dövrdə yüzlərlə bədii və sənədli filmin, dövri jurnalların redaktoru olub. Ssenariləri əsasında “Azərbaycan… Azərbaycan…” (C.Əlibəyovla birgə), “Alagöz yaylağında”, “Muğanın dastanı”, “Çobanbayatı”, “Məndə sığar iki cahan…” (Xamis Muradovla birgə), “Vətən sizə arxalanır”, “M.F.Axundov”, “Nizami”, “Mən sərhədçiyəm” və başqa sənədli filmlər çəkilib.  

Ekran əsərlərində Azərbaycan dilinin təmizliyini qoruyub saxlayan və təkmilləşməsini əsas götürən ədib “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Koroğlu”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Dədə Qorqud”, “Xoşbəxtlik qayğıları”, “Sevinc buxtası”,  “Arxadan vurulan zərbə”, “Babək”, “Qızıl uçurum”, “Əlaqə” və digər tammetrajlı bədii filmlərin redaktoru olub.

Ssenariləri əsasında “Dağlarda döyüş” (“Tikanlı məftillər” povestinin motivləri  əsasında), “Od içində”, “Qocalar… qocalar…” (“Çobanbayatı” povestinin motivləri əsasında), “Atları yəhərləyin” (S.Rüstəmlə birgə), “Doğma sahillər” bədii filmləri çəkilib.

Sözügedən müxtəlif mövzulu, həyat üçün vacib məsələlərin həllini qabardan filmlərdə əsasən əmək adamlarının həyatından, sərhədçilərimizin çətin, şərəfli işlərindən, vətən qarşısında xidməti borclarını sədaqətlə yerinə yetirmələrindən bəhs edilir.

Göründüyü kimi milli mənəvi dəyərləri, vətənpərvərlik kimi ali keyfiyyətləri, insansvərlik və əməlisalehlik kimi vacib xüsusiyyətləri  yaradıcılığının qayəsinə çevirən,  zəhmətkeş, səmimi, mehriban xüsusiyyətlərinə görə seçilib-sevilən Əhmədağa Muğanlı qismətinə düşən ömür payını hədər yaşamadı, ibrətamiz yaradıcılığına, insani keyfiyyətlərinə görə də unudulmadı.

Dövlət Film Fondu