Ənvər Məmmədxanlı – 110

XX əsr Azərbaycan ədəbiyyatında nəsr ustası kimi tanınan yazıçı, dramaturq Ənvər Məmmədxanlının anadan olmasından 110 il ötür. Ədəbiyyat tariximizdə özünəməxsus yeri olan, hekayə və novellaları geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanan, psixoloji-fəlsəfi yaradıcılığına görə “nəsrimizin şairi” adlandırılan Ənvər Məmmədxanlı Azərbaycan ədəbiyyatında lirik-psixolojiemosional nəsrin banilərindən biri kimi tanınıb, həmçinin uzun illər Azərbaycan kinosunda kinossenarist kimi fəaliyyət göstərib, filmlərin uğurlu ekran həlli tapmasında mühüm rolu olub. Bu mənada müxtəlif dövr hadisələrini böyük məsuliyyət və məhəbbətlə qələmə alan ədibin həyat və kino fəaliyyətinə nəzər salmağı özümüzə borc bilirik.

Azərbaycanın Göyçay şəhərində doğulub boya-başa çatan Ənvər Məmmədxanlı ibtidai məktəbi bitirdikdən sonra Bakıda Nəriman Nərimanov adına Sənaye Texnikumunda təhsil alıb (1926-1931). Burada Energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda isə texnik-elektrik işləyib (1931–1934). Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil alıb. “Azərnəşr”in bədii şöbəsində redaktor-tərcüməçi, Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim, “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi (1941–1942), İkinci Dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində “Qızıl Ordu” cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olub. Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışıb (1943–1944). Təbrizdə nəşr olunan “Vətən yolunda” ordu qəzeti redaksiyasında xüsusi müxbir işləyib (1944–1946). “Azərbaycanfilm” kinostudiyasının ssenari-redaksiya heyətinin baş redaktoru olub (1946–1964).

Kinonun uğuru ssenaridən başlayır. Peşəkarlıqla qələmə alınan ssenarilər baxımlı filmlərin bünövrəsidir, köküdür. Bir neçə filmin ssenarisini yazan Ənvər Məmmədxanlı ilk dəfə (1940) “Ayna” filmində çalışıb. Filmin bir hissəsi çəkildikdən sonra çəkilişlər dayandırılıb, film yarımçıq qalıb. Bundan sonra o, yazıçı, dramaturq İmran Qasımovla birgə “Sovqat” (1942) kinodramının ssenarisini ərsəyə gətirib. Filmin rejissorları (H.Seyidzadə, N.Bədəlov) yarımçıq qalan “Ayna” filminin kadrlarından “Sovqat” filmində istifadə ediblər, 1942-ci ildə hər iki film birləşdirilib.

Bu filmdən sonra dramaturq 1942-ci ildə kinorejissor Ağarza Quliyevin quruluş verdiyi “Bəxtiyar” qısametrajlı bioqrafik müharibə dramının ssenarisini yazıb.

Film Azərbaycan xalqının cəsur oğlu, döyüşçü Bəxtiyar Kərimovun cəbhədə göstərdiyi qəhrəmanlıqdan bəhs edir. 1941-ci ildə hərbi xidmətə çağırılan,  

Krım cəbhəsində döyüşlərdə igidlik göstərən Bəxtiyar 1942-ci ildə döyüş tapşırığını yerinə yetirərkən 11 faşist kəşfiyyatçısı ilə rastlaşır və düşmənin 10 nəfərini silahla öldürür. Ağır yaralanmasına baxmayaraq, son nəfəsdə düşmən zabitini dişləri ilə boğur. Özü də həmin döyüşdə həlak olur. Dəqiq faktlara istinad edən filmdə hadisələr emosional, inandırıcı şəkildə cərəyan edir.

Kinorejissor Yefim Dziqanın 1947-ci ildə ekranlaşdırdığı “Fətəli xan” tarixi-bioqrafik filmində XVIII əsrdə ayrı-ayrı xanlıqları vahid Azərbaycan dövlətində birləşdirməyə çalışan qubalı Fətəli xanın həyatından bəhs edilir. Ekran əsərində Quba xanlığının VI xanı Fətəli xanın xırda xanlıqlara bölünən Azərbaycanı müstəqil və abad bir ölkə kimi görmək istəyindən, bu yolda apardığı mübarizədən danışılır. Filmin ssenari müəllifləri Ənvər Məmmədxanlı və Mehdi Hüseyn Azərbaycan torpaqlarını birləşdirmə siyasətindən söhbət açan ekran əsərində Fətəli xanın ictimai-siyasi fəaliyyətini dolğun əks etdirib, igid sərkərdə haqqındakı təsəvvürlərimizi dəqiqləşdiriblər. Gərgin hadisələr cərəyan edən ölkədəki daxili çaxnaşmalardan, qanlı mübarizələrdən əziyyət çəkən insanların dözülməz həyat şəraiti fonunda dövrün ab-havasını dəqiq təsvir etməyə nail olublar. Bu mənada ədəbi qanunları, janrın spesifikasını dərindən bilən Ənvər Məmmədxanlının ssenariləri əsasında çəkilən filmlər yüksək səviyyədə bədii həllini tapır, mövzunun ideya məzmunu məntiqlə təcəssüm etdirir.

Yazıçının ssenarisi əsasında lentə alınan növbəti ekran əsərlərindən biri də “Babək” (1979) tarixi-bioqrafik filmidir. Kinorejissor Eldar Quliyev tərəfindən ekranlaşdırılan tarixi-bioqrafik filmdə Xürrəmilər hərəkatının başçısı, Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə, siyasi xadim Babəkin həyatından, qətiyyətli fəaliyyətindən danışılır. IX əsrə aid tarixin qanlı yaddaşına həkk olunan hadisələr fonunda Ərəb xilafətinə qarşı çıxan dövrün müasirlərinin ictimai hadisələrə olan münasibəti (qəhrəmanlığı) diqqət çəkir, Babək və onun silahdaşlarının qəhrəmanlıqları dramaturji ardıcıllıqla, tarixi faktlara əsaslanaraq şərh edilir.

Peşəkar kinorejissorlarla çalışan yazıçının növbəti ssenarisi əsasında kinorejissor Lətif Səfərov “Leyli və Məcnun” (1961) məhəbbət dramını ekranlaşdırır. İki sevən gəncin ülvi məhəbbəti, faciəli taleyi haqqında danışan film-dastan bütün Şərq poeziyasında yüz illərlə yaşayan, qədim rəvayət barədə zəmanəmizin poetik hekayətidir. Məhəbbət dramının baş qəhrəmanlarının (Leyli və Məcnunun) zəngin, işıqlı daxili aləmi ilə xarici mühitin amansızlığı qarşı-qarşıya qoyulur. Hadisələr lirik-poetik quruluşda təqdim olunur, orta əsrlərə aid mövhumat dolu dövrün reallığı, feodal hakimiyyətinin cəmiyyətdəki özbaşınalığı filmin baş qəhrəmanlarının nəcib, ülvi düşüncələri, ali hissləri fonunda tənqid olunur, qınanılır. Saf, ülvi hisslərə sahib olan, ali məqsədləri, insan mənəviyyatının üstünlüyünü bəşəriyyətin xilası bilən cütlüyün dövrün haqsızlığına qarşı üsyanı, mənəvi azadlığın labüdlüyü filmin leytmotivini təşkil edir. Filmdə operator assistenti kimi çalışan Fəramiz Məmmədovun qeydləri yerinə düşür: “Filmin ssenari müəllifi olan yazıçı Ənvər Məmmədxanlı savadlı və təcrübəli insan idi. Mətnin tərcüməsinə də özü nəzarət etmişdi. Moskva Kino Komitəsi filmləri təhvil alarkən hər ölkəyə aid olan redaksiya şöbəsi bilavasitə iştrak etdiyinə görə, Ənvər müəllim təklif etdi ki, mətni həmin redaksiya heyəti dublyaja getməmişdən əvvəl redaktə etsin. Mətn redaktə olunduqdan sonra film “Mosfilm” kinostudiyasında rus dilində dublyaj (Lətif Səfərovun nəzarəti altında) olundu, digər respublikalarda da böyük maraqla izlənildi.”

Bundan əlavə, yazıçı-dramaturq “İran Azərbaycanının paytaxtında” sənədli filminin diktor mətnini yazıb, “Cazibə qüvvəsi” kinoalmanaxına daxil olan, dövrünün müasir gənclərinin düşüncə və davranışlarından söhbət açan “Dağ meşəsindən keçərkən…” novellasının ssenarisini yazıb. Həmçinin, 1919-1920-ci illərin inqilabi hadisələrdən bəhs edən “Ananın çırağı” əsərinin motivləri əsasında “İntizar”qısametrajlı kinodramı çəkilib.

Dövlət Film Fondu