Görkəmli kinooperator Xan Babayevin doğum günüdür

Kinonun uğur qazanmasında kinooperatorların rolu böyükdür. Görkəmli kinooperator Xan Babayev də (1919-1967) milli kinomuzda özünəməxsus dəst-xəttinə, yaradıcılıq üslubuna əsasən maraqlı, məzmunlu ekran əsərləri çəkib, kino rejissorlarının ideyasını, istək və məqsədlərini peşəkar quruluşlarında (operator kimi) təsdiqləyib. Milli kinomuzda yüksək keyfiyyətli sənət nümunələri yaradan, kinooperatorluq məktəbinin ənənələrini gənc kinematoqrafçılara miras qoyan unudulmaz sənətkarın anadan olmasının 104 illiyi ərəfəsində əziz xatirəsini dərin ehtriramla yad edirik, yaradıcılıq yoluna qısa nəzər salırıq.

Xan Yusif oğlu Babayev Lənkəran rayonunun Seyidəkəran kəndində həkim ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Bakının 48 saylı məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra, 1931-1937-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Politexnikumunun (indiki Azərbaycan Texniki Universiteti) elektronika fakültəsində təhsil alıb. Həmin illərdə müxtəlif təşkilatlarda səs mexaniki köməkçisi, texnik-elektrik, Azərbaycan Dövlət Akademik Dram Teatrında işıq sexi müdirinin ikinci köməkçisi işləyib.

Fotoqrafiyaya, kinoya olan marağına görə 1938-ci ildə Moskvaya gedib, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsinə daxil olub.

Lakin Böyük Vətən müharibəsinin başlanması dövrünün gəncləri kimi onun da arzusunu yarımçıq qoyub. Ön cəbhəyə yola düşən Xan müharibənin ilk günündən sonunadək vuruşub, həmçinin bir kinooperator kimi ümumittifaq jurnalları üçün xeyli sayda kinosüjetlər çəkib.

Döyüş yolu Polşadan, Macarıstandan, Çexoslovakiyadan, Rumıniyadan, Almaniyadan keçən Xan Babayev cəbhələrdə göstərdiyi igidliklərə görə “I dərəcəli Vətən müharibəsi” (1943), “Qırmızı ulduz” (1944), “Qırmızı bayraq” (1945) ordenləri, “Stalinqradın müdafiəsinə görə” (1942), iki dəfə “İgidliyə görə” (1943), “Berlinin alınmasına görə” (1945), “Praqanın azad olunmasına görə” (1946) medalları ilə təltif olunub.

Ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirib, görkəmli rus kinooperatoru, professor Boris Volçekin emalatxanasında sənətin sirlərinə dərindən bələd olub. 1950-ci ildə institutu bitirib Bakı kinostudiyasında təcrübəli kinooperator kimi fəaliyyət göstərib.

Xan Babayev hələ Kinematoqrafiya İnstitutunun tələbəsi olarkən dostu, kinooperator Teyyub Axundovla birgə iki sənədli film (“Çağırışa cavab”, “Yeni həyat qurucuları”) ərsəyə gətirib. Həmin il istehsala buraxılan “Bakının işıqları” filmində ikinci  operator işləyib. Bu filmdə Xan Babayev müstəqil çəkdiyi bir fraqmenti diplom işi kimi müdafiə edib, “əla” qiymətə layiq görülüb.

Bakı kinostudiyasında fəaliyyətə başladığı illərdən etibarən T.Axundov və K.Həsənovla birgə “Gədəbəyin sərvəti”, C.Məmmədov, V.Zbudski, L.Koretski ilə birgə “Respublika stadionu”, “Neft kəşfiyyatçıları” sənədli filmlərini çəkib. “Doğma xalqımıza” bədii-sənədli filmində Teyyub Axundovla birgə ikinci operator kimi çalışıb (quruluşçu operator Əlisəttar Atakişiyev).

Yaradıcılıq potensialını, istedad və bacarığını quruluş verdiyi (operator kimi)   filmlərdə təsdiqləyən Xan Babayev kinorejissor Həbib ismayılovun çəkdiyi “Ögey ana” (“Ögey ana” filmi 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalında üçüncü mükafat alıb) və “Böyük dayaq” filmlərində işləyib.

Müxtəlif mövzulu filmlərin ekran həllini uğurlu quruluşları ilə təmin edən Xan Babayev 1960-cı ildə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində çalışıb.  Televiziyada çalışana qədər “Qara daşlar” kinopovestini (Ə.İsmayılovla birgə), “Səadət və əmək mahnıları” rəngli sənədli filmini ekranlaşdırıb (baş operator), paralel olaraq ittifaq və respublika kinojurnalları üçün çox sayda xronikal kinosüjetlər çəkib. “Azərbaycan mədəniyyətinin baharı” tammetrajlı rəngli sənədli filmini rejissor kimi (C.Məmmədovla birgə) ərsəyə gətirib, həmçinin filmin operator heyətinin daxilində (S. Bədəlov, C.Məmmədov, M. Prudnikov) çalışıb.

Xan Babayev “Böyük dayaq” kinopovestində çalışdıqdan sonra kinorejissor Hüseyn Seyidzadənin “Yenilməz batalyon” bədii filmi üzərində (R.İsmayılovla birgə) işləyib. Azərbaycan kino salnaməsində xüsusi yeri olan ekran əsəri operatorun kino fəaliyyətində sonuncu filmidir. Film üzərində işləyərkən Xan Babayev ağır xəstələnib. Buna görə də özünün təklifi ilə filmin çəkilişləri istedadlı kinooperator Rasim İsmayılova həvalə edilib.

Daim iş başında olan, sənətini yüksək səviyyədə təqdim edən, peşəkar yaradıcılığı ilə Azərbaycan kinooperatorluq sənətinin məktəbini yaradan Xan Babayev 1967-ci ilin may ayının 29-da dünyasını dəyişib.

Azərbaycanın peşəkar kinooperatorlarından olan Xan Babayev işlədiyi hər bir filmdə işinin bilicisi olduğunu təsdiq edib, tamaşaçı zövqünü formalaşdırıb, yüksək bədii zövqü, peşəkar yaradıcılığı ilə kinosevərlərin rəğbətini, sevgisini qazanıb. Yoxluğunda belə xatirəsi əziz tutulub, unudulmayıb.

Dövlət Film Fondu