Kino kollektiv əməyin məhsuludur. Qrim, geyim rəssamları, kaskadyorlar, assistenlər, pirotexniklər, operatorlar, ssenaristlər və digər kino işçiləri kimi film direktorlarının da kinoda əməyi, zəhməti danılmazdır, böyükdür. Onların bacarıqları ilə yanaşı, peşə bilgiləri və dünyagörüşləri filmlərin ərsəyə gətirilməsində mühüm rol oynayır.
Azərbaycan kinosunda uzun illər film direktoru, icraçı prodüser, inzibatçı kimi çalışan, kino ictimaiyyətinə və kinosevərlərə yaxşı tanış olan Nadir Əliyevin 70 yaşı (05.08.1952) tamam olur. Fürsətdən istifadə edib ömrünün 52 ilini kinoya həsr edən peşəkar kinomanı doğum günü münasibətilə təbrik edir, yaradıcılıq yoluna nəzər salırıq.
Nadir Əliyev 1952-ci ildə Bakıda anadan olub. Hələ uşaq yaşlarından kinoya maraq göstərib və kinorejissor olmağı qarşısına məqsəd qoyub. Tale elə gətirib ki, kinoda rejissor kimi yox, film direktoru olaraq çalışıb.
Nadir Əliyev kinoya vurğunluğunu, məhz bu sənəti seçmə səbəbini kövrək hisslərlə xatırlayır: “Hər bir insan həyatda özünə müəyyən bir yol seçir. Amma elə məqam gəlir ki, yol ayrıcında yolu dəyişir. Mən özüm də kinonu kiçik yaşlarımdan sevmişəm. Hələ 6-7 yaşım olardı, artıq kinoya bağlanmışdım. Görkəmli kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi “Uzaq sahillərdə” filmi həyatımda maraqlı bir hadisə ilə yadda qaldı.
Yay aylarında biz həmişə bağa gedirdik. Bir bağ qonşumuz var idi. Mühasib işlədiyinə görə hamı onu “buxqalter” deyə çağırırdı. Həmin vaxtlarda az adamın evində televizor olardı. Kimin evində televizor var idisə, qonşular maraqlı veriliş və filmləri onun evində izləmək üçün yığışardı.
Bir gün uşaqlar həvəslə davalı film olacağından danışır, axşam televizorda göstərəklərini deyirdilər. Hamı kinoya baxmaq üçün dağılışanda mən də televizora baxmağa qonşuya getdim. Qapını nə qədər döydümsə heç kim açmadı. Onların uzun bir eyvanı var idi. Televizoru da həmin eyvanın bir küncünə qoymuşdular. Mən ayağımın altına daş qoyub hasarın başından filmi izləməyə başladım. Həmin gün yağış da yağırdı. Mənə bərk soyuq oldu. Film bitəndən sonra üst-başım nəmli evə getdim. Anam məndən nə olduğunu soruşanda əvvəlcə ona heç nə demədim. Bir qədər keçdikdən sonra olanları danışdım. Ertəsi günü uşaqlarla həyətdə futbol oynayırdıq. Bir də gördüm atam dostunun “Pobeda” markalı maşını ilə gəldi və maşının yük yerindən böyük bir yeşik çıxartdı. Atam evə televizor almışdı. Bu hadisə mənim və qardaşlarım üçün böyük bir bayrama çevrildi, sevincimizin həddi-hüdudu yox idi.”
“Azərbaycanfilm” kinostudiyasında 1970-ci ildən fəaliyyət göstərən Nadir Əliyev ilkin mərhələdə sənədli kinoda işləyir. Kinorejissor Tofiq İsmayılovun “Oxuyur Müslüm Maqomayev” sənədli filmində bilik və bacarığını, əməksevərliyini təsdiqləməklə kino ictimaiyyətinin diqqətini çəkir, növbəti filmlərdə işləməyə dəvət alır. Ali kino təhsilinin vacibliyini yaxşı bilən Nadir Əliyev sənədlərini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna verir, 1977-ci ildə institutun kino iqtisadiyyatı fakültəsini bitirir.
Nadir Əliyevin yaxın keçmişi göz önündə canlandıran xatirələri “kino yalnız ona böyük sevgi ilə sarılanlara uğur qazandırır” fikrini bir daha təsdiqləyir: “Kiçik yaşlarımdan kinoya aid olan jurnal və qəzetləri alıb yığırdım, həvəslə oxuyurdum. Məşhur aktyorların demək olar ki, çoxunu tanıyırdım.
Bir dəfə bağımınzın yanında “Lenfilm” kinostudiyası film çəkirdi. Film “Mənim mehriban atam” adlanırdı. Filmdə Rusiyanın məşhur aktyorları çəkilirdi. Aleksandr Demyanenko da həmin aktyorların arasında idi. Mən onu görüb evə qaçdım və aldığım “Sovetski ekran” jurnalının Demyanenko haqqında məqalə yazılan nüsxəsini seçib götürdüm, yenidən çəkiliş meydançasına qayıtdım.
Demyanenko fasilə vaxtı olduğu üçün avtobusda oturmuşdu. Mən jurnalın onun haqqında məqalə yazılan səhifəsini açdım və həmin səhifəyə imza atması üçün pəncərədən ona uzatdım. O, kitab oxuyurdu. Eynəyini qaldırdı, etinasız baxışları ilə məni süzdü və jurnala imza atdı. Mən onun bu etinasız baxışını unutmadım və özümə: “Zaman gələcək ki, biz bir səhifədə imza atacayıq”, – dedim. İllər ötdü, Demyanenko ilə olmasa da, peşəmlə əlaqədar olaraq Rusiyanın məşhur aktyorlarından Leonid Kuravlyov, Vyaçeslav Tixonov və başqaları ilə bir səhifəyə imza atdıq. Mən düşünürəm ki, kinoda maraqlı bir ömür yaşamışam. Azərbaycan kinosunda işlədiyim üçün də qürur duyuram.”
Nadir Əliyevin yaradıcılıq filmoqrafiyasına 40-dan artıq film daxildir. “Həyat bizi sınayır” məhəbbət dramında (1972) inzibatçı, “Alma almaya bənzər” musiqili komediyasında (1975), “Günlərin bir günü…” kinoalmanaxına daxil olan (1976) “Süita” novellasında və digər ekran əsərlərində film direktorunun müavini kimi çalışan Nadir Əliyev 1978-ci ildən etibarən müxtəlif janrlı bədii filmlərdə (“Təkcə adanı özünlə apara bilməzsən” (1980), “Qorxma, mən səninləyəm” (1981), “Atları yəhərləyin” (1985), “Bəyin oğurlanması” (1985), “Şəhərli biçinçilər” (1985), “Bircəciyim” (1986), “Yaramaz” (1988), “Şahid qız” (1990), “Şeytan göz qabağında” (1987), “Yapon və yaponiyalı” (1990, q/m), “Hücum” (1989, q/m), “Təhminə” (1993), “Həm ziyarət, həm ticarət” (1995), “Otel otağı” (1998)) film direktoru kimi işləyib.
“Dronqo” (2002, NTV, Rusiya), “Məkanın melodiyası” (2004), “Məhkumlar” (2006), “Günaydın, mələyim” (2008), “Kabusun gözüylə” (2010), “Dolu” (2012), “Qorxma, mən səninləyəm! 1919” (2013), “Axınla aşağı” (2014) və başqa filmlərdə icraçı prodüser kimi fəaliyyət göstərən kinematoqrafçı daim işinə böyük sevgi və məsuliyyətlə yanaşıb, həmkarlarının rəğbətini qazanıb.
Peşəsini sevən, hər bir işinə böyük məsuliyyətlə yanaşan film direktorunu əməkdaşlarımız və kinosevərlər adından yubiley yaşı münasibətilə bir daha təbrik edirik, cansağlığı, işlərində nailiyyətlər arzulayırıq.
Dövlət Film Fondu