Moskva şəhərindəki şəxsi arxivdən Azərbaycan Dövlət Film Fonduna görkəmli bəstəkar, pedaqoq, dirijor, ictimai xadim, Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq artisti Süleyman Ələsgərovun nadir fotoşəkilləri və əsərlərinin bukletləri daxil olmuşdur.
Daxil olan materialların əsasında Dövlət Film Fondunda bəstəkar Süleyman Ələsgərovun şəxsi arxiv fondu yaradılır.
Süleyman Ələsgərov iki opera, on iki operetta, iki simfoniya, “Bayatı-şiraz” simfonik muğamı, simfonik orkestr üçün uvertüralar, iki simfonik poema, altı kantata, xor və xalq çalğı alətləri üçün müxtəlif janrlı əsərlər və 200-ə qədər mahnı və romansların müəllifidir.
Bəstəkar, həmçinin, bir çox sənədli filmlərə və 1964-cü ildə çəkilmiş “Ulduz” bədii filminə musiqi yazmışdır.
Süleyman Ələsgərovun əsərlərinin Azərbaycan Dövlət Film Fonduna daxil olan bukletləri 40 il bundan əvvəl Moskvada çap olunmuşdur. Əldə olunmuş materiallar sırasına bəstəkarlar Süleyman Ələsgərov və Əşrəf Abbasovun 1973-cü ildə Şuşa şəhərində çəkilmiş fotoşəkli də daxildir.