Azərbaycan Dövlət Film Fonduna şəxsi arxivdən tanınmış Azərbaycan yazıçısı, dramaturq və kinossenarist, Azərbaycanın əməkdar incəsənət xadimi Sabit Rəhmana (1910-1970) aid nadir fotoşəkillərin neqativləri təhvil verilib.
Təhvil verilən unikal neqativlərin sayı 20-dən artıqdır. Dövlət Film Fonduna daxil olan materialların əsasında Sabit Rəhmanın şəxsi arxiv fondu yaradılacaq.
Qeyd edək ki, Sabit Rəhman 26 mart 1910-cu ildə Nuxada (Şəki) anadan olub. 1926-cı ildə Bakı Müəllimlər Seminariyasını bitirib. 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsilini başa vurub. 1936-1937-ci illərdə Moskvada ÜDKİ-nin ssenari kurslarında oxumuşdur.
Yazıçı 1945-1946-cı illərdə Bakı kinostudiyasının direktoru vəzifəsində çalışmışdır.
Sabit Rəhman “Arşın mal alan” (1945), “Əbədi odlar ölkəsi” (İmran Qasımovla birgə, 1945), “O olmasın, bu olsun” (1956), “Koroğlu” (1960), “Əhməd haradadır?” (1963) kimi tamaşaçı sevgisi qazanmış məşhur Azərbaycan filmlərinin ssenari müəllifidir.
Tanınmış yazıçı Sabit Rəhman 23 sentyabr 1970-ci ildə vəfat etmişdir.