Bütün sənət növləri o zaman cəmiyyətin diqqətini çəkir, məşhurlaşır ki, müəlliflər sənətə olan vurğunluqlarını, sevgilərini məsləklərində göstərir və təfəkkürlərinin məhsulu cəmiyyətin zövqünü formalaşdırır. Fotoqrafiya sənətinin biliciləri sayəsində də müxtəlif dövrlərin həyat və insan təsvirləri yaddaşlara köçür, zamanlara bələdçilik edir.
Bilirik ki, fotoqrafiya sənəti kinematoqrafiyanın başlanğıcı, istiqamət mənbəyidir. Aktyorların rola təsdiqlənməsində, natura çəkilişlərinin seçilməsində fotokadrların əhəmiyyəti böyükdür. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir çox filmin fotokadrlarının müəllifi olan, maraqlı, diqqət çəkən portret, fon, natura çəkilişlərini fotolarda əks etdirən rəssam-fotoqraf Pərviz Quliyev də nə az, nə çox ömrünün 52 ilini bu sənətə həsr edib. Məsləyini daim yüksək səviyyədə təqdim edən, sənət sevgisi və intuisiyası sayəsində rejissor ideyalarını fotolarda əbədiləşdirən, yaradıcılığında daim peşəkarlıq nümayiş etdirən ustad sənətkarı yubiley ili, 80 yaşı münasibəti ilə təbrik edir, ona cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Pərviz Quliyev 1942-ci il 19 yanvar tarixində Bakıda anadan olub. 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında laborant, az sonra fotorəssam, usta-fotoqraf, 1967-ci ildən isə foto sexinin müdiri vəzifəsində çalışıb.
“Mən olduqca xoşbəxt adamam! Ömrüm boyu sevimli işimlə məşğul olmuşam” deyən fotoqrafın yaradıcılıq filmoqrafiyasına baxanda sənət sevgisinin qaynağını, peşə məsuliyyətinin səbəbini anlamaq mümkündür. Belə ki, görkəmli kinorejissorlardan Şamil Mahmudbəyov, Muxtar Dadaşov, Tofiq Tağızadə, Arif Babayev, Eldar Quliyev və digər kinorejissorlarla çalışan fotoqraf rejissorların ideyasını, təfəkkürünü, operatorların baxış bucağını həssaslıqla duyub, filmlərə aid olan kadrları və kadrarxası məqamları fotoların yaddaşında əbədiləşdirib.
Pərviz Quliyev 40-a yaxın bədii tammetrajlı və qısametrajlı filmdə, eləcə də “Yaşamaq gözəldir, qardaşım”, “Şərikli çörək”, “Arşın mal alan” (1965), “Cazibə qüvvəsi”, “Birisigün, gecəyarısı…”, “Biri vardı, biri yoxdu”, “Bizi bağışlayın”, “Gün keçdi”, “Mən ki gözəl deyildim”, “Fəryad”, “Ləqəbi “İKA”dır”, “Tərsinə çevrilən dünya”, “Sübhün səfiri” və digər ekran əsərlərində rəssam-fotoqraf kimi çalışıb, çəkiliş proseslərini, aktyor oyunlarını fotolentə köçürüb. Güclü müşahidə qabiliyyətinə əsasən də yaradıcılığının obrazlılığına və peşəkarlığına görə seçilib, tanınıb, məşhurlaşıb. Kinostudiyada çalışdığı illər ərzində şəxsi təşəbbüsü ilə zəngin fotoarxiv yaradıb. Həmin arxivdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərin fotokadrları və neqativləri bu gün də qorunub saxlanılır.
Dəfələrlə SSRİ-nin müxtəlif yerlərində keçirilən Azərbaycanın mədəniyyət günlərində fotostendlərin təşkili ilə məşğul olan Pərviz Quliyev 1977-ci ildə kino sahəsindəki nümunəvi fəaliyyətinə görə SSRİ Nazirlər Kabineti nəzdində Dövlət Kinematoqrafiya Komitəsinin fəxri fərmanı ilə təltif olunub. 1980-ci ildən isə “Kinematoqrafiya əlaçısı” və SSRİ Kinematoqrafçılar İttifaqının üzvü olmuşdur. 2008-ci ildə kino sahəsindəki xidmətlərinə görə Əməkdar mədəniyyət işçisi fəxri adını alıb.
Azərbaycan kinosunun inkişaf mərhələsində biliyini, bacarığını əsirgəməyən, sənətini böyük sevgi, həvəslə həyata keçirən Pərviz Quliyevi bir daha kino ictimaiyyəti və tamaşaçılar adından təbrik edir, ona yaradıcılıq və həyat sevincləri arzulayırıq.
Dövlət Film Fondu